Tbilisidə daha 200-ə yaxın elektrik doldurucu quraşdırılacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
O bildirib ki, bu məqsədlə elan edilmiş hərraclar başa çatıb və qalib şirkətlər müəyyənləşib.
“Müxtəlif komponentlərdən ibarət nəqliyyat siyasətimiz çərçivəsində çoxlu yaxşı işlər görülüb. 2017-ci ildən biz nəqliyyat sektorunda islahatların həyata keçirilməsinə başlamışıq. Komponentlərdən biri də elektromobillərin təşviqidir. Biz şəhərin müxtəlif ərazilərində elektrik doldurucularının quraşdırılmasına başlamışıq, lakin bu kifayət deyil, daha çoxuna ehtiyac var. Müvafiq olaraq, biz şəhər üzrə 200-ə qədər elektrik enerjisi doldurucunun yerləşdirilməsi üçün hərraclar elan etdik. Bu məsələyə çox böyük maraq göstərildi və bir çox şirkətlər hərraclarda iştirak etdi və böyük rəqabət oldu. Bizim qaliblərimiz var ki, onlar müqavilənin imzalanmasından sonra səkkiz ay ərzində öz vəsaitləri hesabına hər bir yerdə elektrik avtomobilləri üçün “ağıllı” sürətli şarj cihazının yerləşdirilməsini və növbəti 10 il ərzində onların fasiləsiz işləməsini təmin etmək öhdəliyi daşıyırlar”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması bələdiyyənin əsas prioritetlərindən biridir.
“Bütün bunlar elektromobillərin təbliği üçün edilir. Biz ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük diqqət yetiririk ki, bu da təkcə elektriklə işləyən avtomobillərlə məhdudlaşmır. Biz rekreasiya məkanları üçün layihələr həyata keçiririk, tikinti sahələrində qaydalar tətbiq etmişik və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bu istiqamətdə bir çox addımlar atılmışdır”, – deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, nəqliyyat siyasəti islahatı davam edir və meriya bu istiqamətdə daha çox addımlar atacaq.