Tbilisi Polis İdarəsinin Vake–Saburtalo baş idarəsinin əməkdaşları 2006-cı il təvəllüdlü J.Q.-nı oğurluq ittihamı ilə saxlayıblar.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, cinayət əməli beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
İstintaq müəyyən edib ki, cari ilin 13 oktyabr gecəsi J.Q. Saburtalo rayonunda 12 avtomobilin ön şüşəsini sındırıb və içərisində olan əşyaları oğurlayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində polis şübhəlini saxlayıb. O, oktyabrın 8-də Afrika qəsəbəsində törətdiyi başqa bir oğurluq hadisəsini də etiraf edib.
Polis oğurlanmış əşyaların bir hissəsini maddi sübut kimi götürüb.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) üzrə istintaq davam edir.
