17 müxalifət partiyası və 5 müstəqil deputatı Prezident Salome Zurabişvilinin “Gürcü Xartiyası” sənədini imzalayıb.
QafqazTürk.com xəbər verir ki, məlumatı Prezidentin administrasiyası yayıb. Bildirilib ki, Prezidentin təklif etdiyi xartiya “ölkənin Avropa yoluna qaytarılması” üçün fəaliyyət planını nəzərdə tutur. Zurabişvili mayın 26-da təqdim etdiyi sənədlə müxalif partiyalara vahid məqsəd üçün bir araya gəlmək təklifi edib.
Bununla belə xartiya qarşıdan gələn parlament seçkiləri üçün müxalifətin vahid namizəd siyahısının yaradılmasını və ya hansısa formada birləşməyi nəzərdə tutmur. Sənədə əsasən hökumət vəzifələrinin müəyyənləşdirilməsi prezidentlə kordinasiyalı şəkildə həyata keçiriləcək.
Xartiya eyni zamanda “ölkənin Avropa kursunu zədələyən qanunların geri çəkilməsini”, “ədliyyə sisteminin müstəqilləşdirilərək ona olan etimadın bərpa edilməsini”, seçki sisteminin inkişaf etdirilməsini və yeni siyasi reallığın yaradılmasını nəzərdə tutur.